DÜNYA
ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində Misir və Suriya xalqlarını dəstəkləyən aksiyalar keçirilmişdir
Bakı, 24 avqust (AZƏRTAC). ABŞ-da yaşayan suriyalı və misirlilər Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının baş qərargahının qarşısında kütləvi etiraz aksiyası keçirmişlər.
BBC-nin məlumatına görə, əllərində Misir və Suriya xalqlarının demokratiya uğrunda mübarizəsini dəstəkləyən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın portretini tutan nümayişçilər BMT-dən bu ölkələrdə sülh yaratmağı tələb etmişlər. Aksiyaya minlərlə ABŞ vətəndaşı da qoşulmuşlar.
ABŞ-da fəaliyyət göstərən Misir Demokratiya və İnsan Hüquqları dərnəyinin rəhbəri Halid Lamada bəyan etmişdir ki, Misir və Suriya üzərində siyasi oyunlar oynanılır. Bunun ağır nəticələri xalqların sabit yaşamasına imkan vermir. Tökülən qanın dayandırılmasını tələb edən H.Lamada ABŞ hökumətinə müraciət edərək rəsmi Vaşinqtondan bu məsələyə laqeyd qalmamağı tələb etmişdir.
Nümayiş iştirakçıları, “Obama utan”, “Bəşər Əsəd qatildir”, “Mursi geri qayıdacaq” şüarlarını səsləndirmişlər.
Misirin və Suriyanın ABŞ-ın paytaxtı Vaşinqtondakı səfirliklərinin qarşısında da etiraz aksiyaları keçirilmişdir.