SİYASƏT
ABŞ KONQRESİNDƏ AZƏRBAYCANA MARAQ ARTMAQDADIR
Vaşinqton, 2 iyun (AZƏRTAC). ABŞ Konqresinin kaliforniyalı üzvü xanım Linn Vulsi Nümayəndələr Palatasında Azərbaycanı Respublika Günü münasibətilə təbrik etmişdir.
Qısa ömrü bolşevik rejiminin müdaxiləsindən sonra bitən müsəlman Şərqinin ilk demokratiyası barədə danışan xanım Vulsi qeyd etmişdir ki, Azərbaycan hələ 1919-cu ildə ABŞ-ı qabaqlayaraq qadınlara seçib-seçilmək hüququ vermişdir. Müstəqilliyi çox sürməsə də, Azərbaycanın müstəqillik və demokratiya arzusu XX əsrdə yenidən baş qaldıraraq 1991-ci ildə Sovet İttifaqı tarixə qərq olarkən bir daha reallığa çevrilmişdir. Linn Vulsi bəyanatında Cənubi Qafqaz kimi olduqca əhəmiyyətli bölgədə Azərbaycan xalqının güclü demokratiya qurmaq istiqamətində davamlı səylərini müsbət dəyərləndirmişdir.
Nümayəndələr Palatasının Xarici Münasibətlər Komitəsinin üzvü xanım Vulsinin Azərbaycanla bağlı bəyanatı digər həmkarlarının çıxışlarına əlavə olaraq, ölkəmizə ABŞ Konqresində artan maraq və diqqəti nümayiş etdirir.
Respublika Günü ilə bağlı daha dörd konqresmen son həftə ərzində Azərbaycanın Birləşmiş Ştatlar üçün vacib tərəfdaş olduğunu vurğulayan bəyanatlarla çıxış etmişdir. Bəyanatlarda deyilir ki, Birləşmiş Ştatlar Azərbaycanın bölgə üçün əhəmiyyətini nəzərə alaraq ona daha çox diqqət yetirməlidir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton