Kirayə mexanizmi ilə 400-ə yaxın yeni mənzil satışa çıxarılıb
Bakı, 20 iyun, AZƏRTAC
Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 399 yeni, tam təmirli mənzillər satışa çıxarılıb.
İpoteka və Kredit Zəmanət Fondundan AZƏRTAC-a bildirilib ki, fondun təklif etdiyi yaşayış sahələrinin siyahısına Abşeron rayonunun Məmmədli kəndi, Zabrat-Kürdəxanı şosesi ünvanında yerləşən kompleksdə 147 yeni mənzil əlavə edilib. Mənzillər 1 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 520 manatdan başlayır. Daha 252 mənzil isə Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün iyunun 28-dən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə https://mcgf.gov.az/menu/202 vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, Abşeron rayonunun Məmmədli kəndində yaşayış sahələrinin vətəndaşların seçiminə verilməsi ilə satmaq öhdəliyi ilə kirayə mənzil fonduna daxil olan ünvanların sayı 14-ə çatdırılıb. Onlardan 6 yaşayış kompleksi Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 2 yaşayış kompleksi isə Sumqayıt şəhərində yerləşir.
İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4700-ə yaxın vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən , 1549 - Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.