CƏMİYYƏT
Autizmin arxasında neandertal genləri ola bilər
![Autizmin arxasında neandertal genləri ola bilər](/files/2024/2/1200x630/1718922909414825203_1200x630.jpg)
Bakı, 21 iyun, AZƏRTAC
Alimlər aşkar ediblər ki, autizmin arxasında neandertal genləri ola bilər.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı araşdırma aparılıb.
Məlumdur ki, bu gün Avrasiyada yaşayan insanların genomunun təxminən 2 faizində neandertal DNT-si var. Təxminən 40 min il əvvəl nəsli kəsilmiş neandertalların genləri müasir insanlarda həssaslıqdan ağrıya, nikotin asılılığına qədər müxtəlif təsirlərə malikdir. Molekulyar psixiatriya jurnalında dərc edilən araşdırmada bu genlərin autizmlə əlaqəsi araşdırılıb. Autizm spektri pozğunluğu sosial ünsiyyətdə problemlərə səbəb olan neyroinkişaf vəziyyətini ifadə edir. Bu pozğunluğun nədən qaynaqlandığı tam olaraq bilinməsə də, genetik və ətraf mühit faktorlarının birgə təsiri olduğu düşünülür. Tədqiqatçılar ABŞ-da autizm spektrində olan minlərlə insanın və onların qohumluqlarının (qardaş-bacı) genetik məlumatlarını ehtiva edən “Simons Foundation Powering Autism Research” layihəsinin verilənlər bazasından istifadə ediblər. Alimlər aşkar ediblər ki, əhalinin ən çox 1 faizində rast gəlinən neandertal gen variantı autizmli insanlarda daha çox rast gəlinir. Qeyd olunub ki, bu variant daha çox autizmli insanlarda, xüsusilə qeyri-ispan qaradərili, ispan mənşəli ağ və qeyri-ispan ağdərili qruplarda rast gəlinir.
Neandertal genləri ilə autizm arasında əlaqə aşkar edilsə də, bu genlərin niyə və necə belə bir təsirə sahib olduğu bilinmir. Bu əlaqəni aydın şəkildə təsdiqləmək üçün autizmli insanların bütün genomunun daha çox araşdırılması və tədqiqi lazımdır.