DÜNYA
ABŞ Yaponiyanın Okinava adasında konvertoplanların iştirakı ilə keçirilməsi nəzərdə tutulan təlimlərin yerini dəyişmişdir
Tokio, 23 noyabr (AZƏRTAC). ABŞ hərbi qüvvələrinin komandanlığı MV-22 Osprey konvertoplanlarının iştirakı ilə Yaponiyanın Okinava adasında keçirilməsi planlaşdırılan təlimlərin yerini dəyişmişdir.
Noyabrın 23-də yerli KİV-lərin yaydığı məlumata əsasən, Vaşinqton və Tokio ada əhalisi tərəfindən etirazların daha da artmaması üçün bu addımı atmaq qərarına gəlmişlər.
Üç həftə ərzində davam edəcək təlimlərin Sakit okeanda yerləşən Quam adasında keçirilməsi qərara alınmışdır. Təlimlər zamanı yerdəyişməyə görə əlavə yanacaq xərclərini Yaponiya öz üzərinə götürmüşdür.
Bu konvertoplanların ötən ilin oktyabrında ABŞ dəniz piyadalarının Okinavada yerləşən Futemma aviabazasına köçürülməsi yerli əhalinin kəskin etirazlarına səbəb olmuşdur. ABŞ bu bazada 36 belə uçan aparatın yerləşdirilməsini planlaşdırırdı, lakin bu hərbi texnikanın təhlükəli olması həmin planı reallaşdırmağa imkan verməmişdir. Cari ilin əvvəlindən dünyanın müxtəlif nöqtələrində iki Osprey qəzaya uğramışdır. Araşdırma zamanı qəzaların insan faktoruna görə baş verdiyi müəyyən olunsa da, bu, həmin aviatexnikanın əleyhdarlarını qane etməmişdir. Yerli əhali ABŞ hərbi bazasının qapıları önündə müntəzəm olaraq etiraz aksiyaları keçirir.
Osprey 98 dərəcə dönüş etməyə imkan verən iki mühərriklə təmin edilmiş uçan aparatdır. Hər iki mühərrikinin üfüqi vəziyyət alması konvertoplanın vertolyot kimi qalxmasına və enməsinə, şaquli vəziyyət alması isə təyyarə kimi uçmasına imkan verir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio