İQTİSADİYYAT
Abşeronda damazlıq yumurta istehsal edən müasir quşçuluq müəssisəsi yaradılmışdır
Bakı, 7 yanvar (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu respublikada, xüsusilə regionlarda iqtisadiyyatın inkişafını stimullaşdıran investisiya layihələrinin, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müasir texnologiyalara cavab verən ətlik istiqamətli quşçuluq (o cümlədən damazlıq broyler) təsərrüfatlarının yaradılması və ya yenidən qurulması üzrə layihələrin reallaşdırılması əhalinin quş ətinə tələbatının ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu istiqamətdə güzəştli qaydada maliyyələşdirilən 12 irihəcmli investisiya layihəsinin həyata keçirilməsi nəticəsində hər il əlavə olaraq ölkədə 60 milyon damazlıq yumurta və 16 min ton quş əti istehsalı nəzərdə tutulur.
Abşeron rayonunun Zirə qəsəbəsində “Xəmsə” MMC tərəfindən əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan alınmış 1,8 milyon manat güzəştli kredit hesabına olmaqla inşa edilmiş, ən qabaqcıl texnologiyaya əsaslanan, Hollandiya, Türkiyə və İtaliya istehsalı olan müasir avadanlıqlarla təchiz edilmiş, damazlıq yumurta istehsalı ilə məşğul olan quşçuluq müəssisəsi fəaliyyətə başlamışdır.
Artıq müəssisəyə İngiltərədən 90 min baş damazlıq cücə gətirilmişdir. Bu ilin ikinci yarısından etibarən müəssisədə il ərzində 25-30 milyon ədəd damazlıq yumurta istehsalı mümkün olacaqdır. İstehsal ediləcək məhsul respublikanın quşçuluq təsərrüfatlarının tələbatının ödənilməsinə yönəldiləcək, eyni zamanda xarici bazarlara çıxarılacaqdır.
Bu müəssisənin fəaliyyəti respublikanın quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə təminatının yaxşılaşdırılmasına, ixrac imkanlarının genişləndirilməsinə, həmçinin 108 yeni iş yerinin açılmasına şərait yaradacaqdır.