ELM VƏ TƏHSİL
ADU-da dərs vəsaitinin təqdimatı olub
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) universitetinin dosenti Ayaz Qasımovun “Əxlaqın saflaşdırılmasına müdrik kəlamların təsiri” dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər yeni nəşrin məziyyətlərindən söz açıb, kitabın didaktik əhəmiyyətliliyi ilə yanaşı, pedaqoji sahədə çox qiymətli vəsait, geniş ictimaiyyət üçün dəyərli maarifləndirici mənbə olduğunu söyləyiblər.
Qeyd olunub ki, 192 səhifədən ibarət kitabda görkəmli mütəffəkkirlərin, alim və yazıçıların, ictimai xadimlərin aforistik fikirləri yer alıb. Nəşrə müxtəlif xalqların, millətlərin atalar sözləri və məsəlləri də daxil edilib ki, bu da xalq pedaqogikası incilərindən bəhrələnmək imkanı yaradır. Kitabda bəzən müəllifi məlum olmayan kəlamlara da rast gəlmək mümkündür. Verilmiş müdrik ifadələrdə müxtəlif ictimai-siyasi quruluşlarda yaşamış dahi şəxsiyyətlərin əxlaqa, əxlaq normalarına münasibəti və onların bu gün də aktuallığını qoruyub saxlamasını müqayisəli şəkildə izləmək olar.