ELM VƏ TƏHSİL
Ağcabədidə yeni məktəb binası istifadəyə verilmişdir
Ağcabədi, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Ağcabədi rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bilik günündə Avşar kənd 3 nömrəli ümumi orta məktəbin yeni tikilmiş 320 şagird yerlik binasının açılış mərasimi olmuşdur.
Tədbirdə təhsilə göstərilən dövlət qayğısından danışılmış, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədəki xidmətləri xüsusi vurğulanmışdır.
Bildirilmişdir ki, son illərdə rayonda 36 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, 2 məktəbdə 7 əlavə sinif otağı, Qaravəlli kənd tam orta məktəbində 240 şagird yerlik əlavə korpus inşa edilmiş, 9 məktəb binası əsaslı təmir olunmuşdur. Təkcə ötən dərs ilində rayonda 12 yeni məktəb binası tikilərək istifadəyə verilmiş, şəhər 5 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilmişdir. Hazırda Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni binanın inşası davam etdirilir, hər biri 624 şagird yerlik Xocavənd kənd 1 nömrəli və Kəbirli kənd tam orta məktəblərinin binaları əsaslı təmir olunur.
Mərasimdə müəllim, şagird və kənd ictimaiyyətinin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları sinif otaqlarını, fənn kabinetlərini gəzmiş, yaradılmış şəraitlə tanış olmuşlar.