SİYASƏT
Ağdam rayonu üzrə mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin diplomatik, siyasi və beynəlxalq arenada böyük qələbəsidir
![Ağdam rayonu üzrə mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin diplomatik, siyasi və beynəlxalq arenada böyük qələbəsidir](/files/2021/2/1200x630/1623704575150275693_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
Ağdam rayonu üzrə 97 min tank və piyadalar əleyhinə minaların yerləşdirildiyi ərazilərin mina xəritələrinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin diplomatik, siyasi və beynəlxalq arenada böyük qələbəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Deputat diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Zəfərimizdən sonra, mina təhlükəsinin aradan qaldırılması fövqəladə əhəmiyyət kəsb edərək, daima dövlətimizin başçısının diqqət mərkəzində olub. Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qlobal beynəlxalq müstəvidə bu problemə müxtəlif dövlətlərin və beynəlxalq qurumların diqqətini cəlb etmək mümkün olub.
M.Abbaszadə qeyd edib ki, iyunun 4-də işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində Azərbaycan jurnalistlərinin və icra hakimiyyəti əməkdaşının qətlə yetirilməsi bir daha göstərdi ki, mənfur qonşularımızın yürütdüyü siyasət bütöv bir regionu humanitar fəlakətə doğru sürükləyir. Ermənistan tərəfindən aparılan mina müharibəsinə son qoymaq üçün beynəlxalq birliyi səfərbər etməyə böyük ehtiyac vardı və buna nail olundu. ABŞ, Avropa İttifaqı və ATƏT-in ciddi humanitar əhəmiyyətli məsələdə vasitəçilik etməsi bir daha Azərbaycanın dürüst, beynəlxalq hüquqa cavab verən mövqedə olmasını təsdiqlədi.
“Ermənistan tərəfindən basdırılmış minalar çox təhlükəlidir və insanlarda qorxu yaradır. Münaqişənin bitməsindən 8 aydan artıq müddətin ötməsinə baxmayaraq, bu dövr ərzində ermənilər tərəfindən minalanmış ərazilərdə 140-dan çox insan müxtəlif xəsarətlər alıb, 27 nəfər həyatını itirib. Bu baxımdan Ağdamın mina xəritələrinin Azərbaycana verilməsi çox mühüm hadisədir və diplomatiyamızın uğurudur”, - deyə Mahir Abbaszadə qeyd edib.