REGİONLAR
Ağdam şəhərinə yeraltı mənbələr hesabına suyun verilməsi üçün 2 kəşfiyyat quyusu qazılıb
Bakı, 26 fevral, AZƏRTAC
Ağdam şəhərinə yeraltı mənbələr hesabına suyun verilməsi üçün 2 kəşfiyyat quyusu qazılıb
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından daxil olan məlumata görə, işğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun iclası keçirilib. İclasda “Azərsu” ASC-nin və İşçi Qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak edib.
İclasda Ağdam rayonunda içməli su təchizatının bərpası ilə əlaqədar görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib. Qeyd edilib ki, Ağdam rayonu işğaldan azad olunduqdan sonra məskunlaşma olan obyektlərin içməli su ilə təmin olunması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilib. Ağdam rayonu ərazisində Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində içməli və tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltrasiya və septik qurğular inşa edilib. Ağdam rayonunun Xıdırlı kəndində yeni subartezian quyusunun qazılmasına başlanıb. Quyu ərazisindən magistral və paylayıcı su xətləri inşa olunub.
Ağdam şəhərinin içməli və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri ilə bağlı təqdimat baş tutub. Vurğulanıb ki, Ağdam şəhərinin içməli su layihəsi hazırlanarkən əhalinin içməli suya tələbatı, sənaye və turizm imkanları nəzərə alınacaq. Ağdam şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılacaq. İlkin mərhələdə yeraltı mənbələr hesabına şəhərə suyun verilməsi üçün 2 kəşfiyyat quyusu qazılıb və tədqiqat işləri davam etdirilir.
İclasda Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə edilməsi şəbəkələrinin yaradılması, bu sahədə ağıllı və innovativ texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.