REGİONLAR
Ağdam: treninqlərə aşağı seçki komissiyalarının 234 üzvü cəlb edilib
Ağdam, 27 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
119 saylı Ağdam kənd seçki dairəsi Dairə Seçki Komissiyasında dekabrın 23-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində təşkil olunan treninqlər iştirakçıların fəallığı ilə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, treninqlər seçki dairəsinin 39 məntəqəsi üzrə ümumilikdə 234 aşağı seçki komissiyası üzvünü əhatə edir. Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır. Üç gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.
Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolların doldurulması və digər məsələlər barədə məlumatlar verilir. Məşğələlər zamanı səsvermə prosedurlarına dair praktiki tapşırıqlar da icra olunur, müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.
Dairə seçki komissiyasının baş məsləhətçisi İlham Xəlilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri uğurla davam etdirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Dairə üzrə 14 bələdiyyəyə, ümumilikdə, 134 nəfər bələdiyyə üzvü seçiləcək. Qeydə alınan namizədlərin sayı 386 nəfərdir.