SİYASƏT
AĞDAMDA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQ KEÇİRİLMİŞDİR
Ağdam, 17 oktyabr (AZƏRTAC). Ağdam rayonunun Quzanlı qəsəbəsində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizami Sadıqov və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçək dəstələri düzmüşlər.
Mədəniyyət evinin zalında keçirilən bayram tədbiri dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən Nizami Sadıqov 1918-ci ildən başlanan və 1991-ci il oktyabrın 18-də yenidən bərpa olunan müstəqillik tariximiz, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra müstəqilliyin möhkəmlənməsi, dövlət quruculuğu və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir.
Rayonun incəsənət ustaları konsert proqramı, Ağdam Dövlət Dram Teatrının aktyorları isə “Qalx ayağa, Azərbaycan!” kompozisiyası ilə çıxış etmişlər.