REGİONLAR
Ağdaşda qanunsuz fəaliyyət göstərən heyvan kəsim sexindən götürülən nümunənin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatmışdır
Bakı, 12 iyul (AZƏRTAC). Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsim sexindən götürülən nümunənin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, komissiyanın iştirakı ilə həmin skeletə orqonoleptik baxış keçirilmiş və anatomik quruluşuna görə skeletin ata məxsus olduğu müəyyənləşdirilmişdir. Qabırğaların nazik, kənarlarının küt qövsvarı, uc hissəsinin sivri şəkildə olması nümunənin ata məxsusluğunun göstəricisidir.
Ərazi nəzarətdə saxlanılır. Faktla bağlı hüquq mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.
DBX-nin iyulun 9-da keçirdiyi reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynal Zeynalova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz fəaliyyət göstərən “heyvan kəsim sexi”indən götürülən sinənin siqmental hissənin skeletinin hansı heyvana məxsus olmasını aydınlaşdırmaq məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.