Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH
Bakı, 18 may, AZƏRTAC
Son dövrlər bir çox dünya dövlətləri Azərbaycanla sıx siyasi, iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir. Bu, Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olmasından, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artmasından, 2020-2023-cü illərdə qazandığımız şanlı qələbələrdən, dövlətimizin gücünün, qüdrətinin artmasından irəli gəlir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat vurğulayıb ki, nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə təşəbbüslərin göstərilməsi, bir çox dünya ölkələrinin dövlət və hökumət başçılarının respublikamıza səfərlər etməsi, ölkəmizlə iqtisadi və siyasi əlaqələri əhatə edən mühüm sənədlər imzalaması dövlətimizə və onun rəhbərinə olan inam və etibarın nümunəsidir.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistan istisna olmaqla, MDB-yə üzv dövlətlərlə iqtisadi, siyasi əlaqələri yüksək səviyyədədir və bu dövlətlərlə Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrin uzun illərdir möhkəm təməllər üzərində qurulduğunu bildirən K.Əliyeva qeyd edib: “Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərə gəlməsi və Prezident İlham Əliyevlə görüşü əlaqələrimizin daha da inkişaf etdirilməsinə böyük zəmin yaradacaq. Biz artıq Belarus Prezidentinin səfərindən dərhal sonra bunu hiss edirik. Belə ki, Belarus şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işlərində iştirak edəcəklər. Bu barədə A.Lukaşenko özü bildirdi. Belarusun şəhərsalma sahəsində, eləcə də aqroşəhərciklərin tikintisində böyük təcrübəsi var”.
Deputat deyib ki, Azərbaycanla Belarus arasında Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir və gələcəkdə əməkdaşlığın artırılması istiqamətində də bir çox tədbirlər həyata keçirəcək. İki ölkə arasında əvvəlki illərdə yaradılmış birgə müəssisələr perspektivli fəaliyyət göstərir və yeni yaradılacaq digər birgə müəssisələrin sayının da artırılması nəzərdə tutulub. Əsasən maşınqayırma, hərbi sənaye komplekslərində, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələri daha da güclənəcək ki, bu da ölkələrimizin təhlükəsizliyinə və iqtisadiyyatının artmasına əhəmiyyətli dəstək göstərəcək.
Azərbaycan və Belarus liderlərinin şəxsi dostluq münasibətlərinin ölkələrimizin və xalqlarımızın dostluğuna böyük töhfə verdiyini vurğulayan Kamilə Əliyeva bildirib: “Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər etməsi bu ölkənin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasından irəli gəlir. İki ölkə arasında münasibətlərin bu səfərdən sonra yeni mərhələyə keçəcəyini demək mümkündür”.