MƏDƏNİYYƏT
Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub










Bakı, 18 may, AZƏRTAC
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində bir sıra tədbirlər keçirilib.
Gün ərzində “Açıq qapı” aksiyası ilə əlaqədar muzeyi 4981 nəfər tamaşaçı ziyarət edib, Azərbaycan dilində ödənişsiz ekskursiyalar təşkil olunub.
Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, muzeydə dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Sənətdə bənzərsiz eşq” sərgisi də açılıb. Sərgidə Xalq rəssamlarından Lətif Kərimovun “Füzuli” (1973), “Şəbi-hicran” (1976), Eldar Mikayılzadənin “Şəbi-hicran” (1983), “Leyli və Məcnun” (2013), Aydın Rəcəbovun “Füzuli dünyası”, sənətşünaslıq üzrə elmlər namizədi Cəfər Mücirinin “Füzuli” (1975), rəssam Gülmurad Bəbirovun “Füzuli” (1987) xalçaları nümayiş etdirilir. Ekspozisiyada Xalq rəssamı Kamil Əliyevə aid “Füzuli” (1958) xalçasının eskizi, Rafiq Qəmbərovun “Füzuli” dekorativ pannosu, həmçinin ilk dəfə olaraq görkəmli sənətkar Lətif Kərimovun Füzuliyə dair kitablara çəkdiyi bədii tərtibatlardan elementlər yer alır. Dahi mütəfəkkirin zəngin irsinin təcəssümü olan bu sənət nümunələri Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındandır. Sərgi mayın 30-dək davam edəcək.
Muzeyin balaca dostları üçün isə Uşaq şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Leyli və Məcnun” kölgə teatr tamaşasının premyerası, eyni zamanda, ustad dərsləri keçirilib.