SİYASƏT
Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Kişineu, 18 may, AZƏRTAC
Azərbaycanın işğaldan azad olunan ərazilərin dirçəlməsi, yenidən qurulması, Şuşaya və Qarabağın digər bölgələrinə köçün başlanması tarixi hadisədir. Moldovada yaşayan soydaşlarımız bu prosesi qürurla izləyir və sevinclə qarşılayır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov söyləyib.
“Bu gün Şuşanın yeni tarixi başlayır. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində demişdi ki, Şuşanı dirçəldəcəyik. Artıq biz dirçəldilən Şuşanı görürük. Bu günə görə müharibədə canını verən şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq”, - deyə Elçin Bayramov əlavə edib.
Diaspor sədrinin sözlərinə görə, aparılan düzgün və dəqiq siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Şuşa təkcə Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək.
“Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətinin davamı olaraq Prezident İlham Əliyevin fəaliyyəti dünyada yaşayan azərbaycanlıları, o cümlədən Moldovadakı soydaşlarımızı daha da ruhlandırır. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında - Zəfər Qurultayındakı çıxışı ilə diaspor qarşısında yeni hədəfləri müəyyənləşdirdi. Dünyada, o cümlədən Moldovada yaşayan soydaşlarımız dövlətimizin başçısının çıxışından ruhlanaraq qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər”, - deyə Elçin Bayramov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu