REGİONLAR
Ağdaşda taxıl səpini aparılan sahələr ötən illə müqayisədə 1611 hektar genişləndirilmişdir
Ağdaş, 27 dekabr (AZƏRTAC). Ağdaş rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpinini başa çatdırmışlar.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, dövlət qayğısından bəhrələnən Ağdaşın kəndli fermerləri bu il taxıl sahələrini 1611 hektar genişləndiriblər. Torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün rayonda 17 min 519 hektar sahədə taxıl səpini aparmışlar. Bunun 11 min 234 hektarını buğda, 6285 hektarını isə arpa təşkil edir. Ağdaşda səpin kampaniyasının vaxtında başa çatdırılması üçün taxıl istehsalçılarının istifadəsinə lazımi sayda texnika verilmişdi. Taxıl səpini mövsümündə kəndli fermerlər kifayət qədər toxum və mineral gübrə ilə təmin edilmişdir.
Rayon bitki mühafizə mərkəzinin mütəxəssisləri taxılçılar arasında sağlam, keyfiyyətli və yüksək reproduksiyalı toxumdan istifadə edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işləri aparılmışdır. Bu il rayonda taxıl səpini zamanı əsasən "Şəki-1", "Qobustan", "Azəri", "Nurlu" "Əzəmətli-95" buğda, "Qarabağ", "Cəlilabad-19" arpa sortlarından olan toxumlardan istifadə olunmuşdur. Səpindən əvvəl şum çıxarılmış sahələrdə müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılmışdır. Həmçinin bu ilin payız aylarında yazlıq əkinlər üçün 19 min 17 hektar sahə şumlanmışdır.
Xatırladaq ki, bu ilin yayında Ağdaşda 15 min 908 hektar sahədən 42 min 259 ton taxıl biçilmişdir.