ELM VƏ TƏHSİL
Ağdaşda tələbə adını qazanan məzunlardan 12 nəfəri 600-dən yuxarı bal toplamışdır
Ağdaş, 26 avqust (AZƏRTAC). Bu il Ağdaş rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 236-sı tələbə adını qazanmışdır.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə Ağdaşın ümumtəhsil ocaqlarını 936 məzun bitirmişdir. Onlardan 6 nəfəri orta məktəbi qızıl medalla başa vurmuşdur.
Ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 561 abituriyentin 48,5 faizi, yəni 236 nəfəri tələbə adını qazanmışdır. Onlardan 38 nəfəri 500-dən yuxarı, 12 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Ötən illə müqayisədə 2013-cü ildə abituriyentlər daha yüksək nəticələr əldə etmişdir. Keçən il ağdaşlı abituriyentlərdən cəmi 226 nəfəri ali məktəbə daxil olmuşdur. Ötən il 600-dən yuxarı bal toplayanların sayı isə 7 nəfər olmuşdu. Bu il rayonda tələbə adını qazanan abituriyentlər arasında ən yüksək nəticəni isə Ləki qəsəbə tam orta məktəbinin məzunu Nərmin Xəlilova əldə etmişdir. O, imtahanda 681 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olmuşdur.