REGİONLAR
Ağdaşda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir təşkil edilib
Ağdaş, 21 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti taxıl biçini və ot tədarükü dövründə yanğın təhlükəsizliyi ilə bağlı Ağdaş rayonunda maarifləndirici tədbir keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq havada biçin aparılan taxıl sahəsində təşkil olunan tədbirdə Xidmətin Dövlət Yanğın Nəzarəti İdarəsinin (DYNİ) rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və idarəsinin məsul işçiləri, eləcə də Ağdaş Rayon İcra Hakimiyyətinin rəsmiləri, FHN-nin Dövlət Yanğından Mühafizə Hissələrinin və “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Regional nümayəndəliklərinin, polis şöbələrinin əməkdaşları, fermerlər iştirak ediblər.
Tədbir çərçivəsində xidmət rəsmiləri, xüsusilə dənli bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də təhlükəsizliyin təmin olunması məqsədilə zəruri maarifləndirici çıxışlar edib, görülməli olan zəruri tədbirlər barədə danışıblar.
Xidmətin əməkdaşı Amin Şıxməmmədov fermer və sahibkarlara yanğın hadisələrinin qarşısının alınması məqsədilə istifadə olunan yanğınsöndürmə balonları və digər ilkin yanğınsöndürmə vasitələrinin istifadə qaydalarının texniki təyinatları haqqında təlim keçib.
Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.