İQTİSADİYYAT
Ağstafada “Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və bələdiyyə işinin təkmilləşdirilməsi” mövzusunda seminar keçirilmişdir
Ağstafa, 15 mart (AZƏRTAC). Martın 15-də Ağstafada bələdiyyələrin maarifləndirmə işi ilə bağlı seminar keçirilmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, Şəmkir Regional ədliyyə şöbəsi və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının təşkilatçılığı ilə keçirilmiş seminarda Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri assosiasiyaları, Milli Arxiv İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri və Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bələdiyyə üzvləri iştirak etmişlər.
Tədbirdə Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərdən, yerli sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır. Çıxışda yerli demokratiyanın inkişafında əldə olunan naliyyətlərlə yanaşı, bəzi bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanlar da göstərilmişdir. Gələcəkdə bələdiyyələrin işinə maneçilik törədən problemlərin və yol verilən nöqsanların aradan qaldırılmasının zəruruliyi qeyd olunmuşdur.
Seminarda Bələdiyyələrlə İş Mərkəzi, İnzibati nəzarət idarəsinin baş məsləhətçisi Hafiz Əliyevin “Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə sözügedən sahədə yeni qanunvericilik və onun tətbiqi, bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri, arxiv işinin təşkili və insan hüquqlarının qorunması işində bələdiyyələrin rolundan danışılmışdır.
Seminarda çıxış edən bələdiyyə nümayəndələri onları narahat edən məsələlərdən danışmış, dövlətin bu sahəyə dəstəyini yüksək qiymətləndirmişlər. Tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.