REGİONLAR
Ağsu heyvandarları məhsul istehsalında artıma nail olublar
Ağsu, 7 oktyabr, AZƏRTAC
Ağsu rayonunda heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər cari ilin doqquz ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2021-ci ilin doqquz ayında diri çəkidə ət istehsalı keçən ilin eyni dövründəki göstəricidən 128 ton çox olub və 4189 tona çatıb. Habelə, süd istehsalı 125 ton artaraq 23 min 374 ton, yumurta istehsalı 210 min ədəd artaraq 10 milyon 178 min ədəd, yun istehsalı isə 4 ton çoxalaraq 318 ton olub.
Qeyd edək ki, heyvandarlıq Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir və hazırda bölgədə 39 min 355 baş iribuynuzlu mal-qara, 134 min 469 baş davar bəslənilir.