ELM VƏ TƏHSİL
AKADEMİK BUDAQ BUDAQOVUN ANADAN OLMASININ 80, ELMİ-PEDAQOJİ FƏALİYYƏTİNİN 60 İLLİYİ QEYD EDİLMİŞDİR
Bakı Dövlət Universitetində AMEA-nın Coğrafiya İnstitutunun direktoru, görkəmli coğrafiyaşünas alim, elm təşkilatçısı, istedadlı pedaqoq, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqovun anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
Salonda alimin elmi fəaliyyətini əks etdirən kitab sərgisi təşkil olunmuşdu.
AZƏRTAC xəbər verir ki, tanınmış elm xadimlərinin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, coğrafiya fakültəsinin dekanı, professor Müseyib Müseyibov görkəmli alim Budaq Budaqovun şərəfli ömür yolundan, əhatəli elmi yaradıcılığından, coğrafiya elminin inkişafındakı mühüm xidmətlərindən ətraflı bəhs etmişlər.
Məlumat verilmişdir ki, akademik B.Budaqov 1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsini, 1955-cı ildə SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasını bitirmişdir. 1955-ci ildə “Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” mövzusunda namizədlik, 1967-ci ildə “Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyası və yeni tektonikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1979-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
O, 1955-ci ildə Azərbaycan EA-da elmi fəaliyyətə başlamış, müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1989-cu ildən AMEA-nın Coğrafiya İnstitutuna rəhbərlik edir. 600-dən çox elmi əsərin, tezisin, 300-dən çox məqalənin müəllifi olan alimin rəhbərliyi ilə neçə-neçə doktorluq dissertasiyası müdafiə edilmişdir.
Vurğulanmışdır ki, akademik B.Budaqov Azərbaycan ərazisində, xüsusilə Böyük Qafqaz daxilində qədim və müasir buzlaqların geomorfoloji xüsusiyyətlərini tədqiq etməklə elmə çox böyük yeniliklər gətirmişdir. O, coğrafiyanın əsas sahələrindən olan landşaftşünaslıq elminin inkişafında da mühüm rol oynamışdır. Alimin təşəbbüsü və rəhbərliyi ilə Coğrafiya İnstitutunda ilk dəfə olaraq 1967-ci ildə landşaftşünaslıq şöbəsi təşkil edilmişdir. O, həmçinin ölkəmizdə toponimika elmi məktəbinin yaradıcılarından olmuşdur. B.Budaqovun elmi konfranslarda, simpoziumlarda etdiyi məruzələr həmişə böyük maraq doğurmuşdur.
Akademik Vasim Məmmədəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, digər natiqlər Budaq Budaqovun coğrafiya elminə verdiyi dəyərli töhfələrdən, bacarıqlı elmi kadrların hazırlanmasındakı xidmətlərindən, əsərlərinin əhəmiyyətindən, yüksək insani keyfiyyətlərindən danışmış, ona elmi yaradıcılığında yeni nailiyyətlər arzulamışlar.
######