ELM VƏ TƏHSİL
Akademik Gövhər Baxşəliyeva: Xalqımız bu günü böyük hüzn və kədərlə yad edir
![](/files/galleryphoto/2022/1/1200x630/16456194991009359145_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/164561949952933972_1200x630.jpg)
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu söyləyib. Xocalı faciəsinin ağır nəticələri barədə danışan Gövhər Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə yad etdiyini bildirib.
G.Baxşəliyeva Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfərin ağlasığmaz vəhşiliklə qətlə yetirildiyini, 487 dinc sakinin ağır yaralandığını, 1275 nəfərin isə girov götürüldüyünü söyləyib. Onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini qeyd edib.
Tədbirdə institutun şöbə müdirləri Səməd Bayramzadə, Məmmədəli Babaşlı və başqaları çıxış edərək bu faciənin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləyib, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd ediblər.