MƏDƏNİYYƏT
Akademik Musiqili Teatrın rejissoru Özbəkistan teatrında tamaşaya quruluş verəcək
![Akademik Musiqili Teatrın rejissoru Özbəkistan teatrında tamaşaya quruluş verəcək](/files/2022/2/1200x630/1654353194447709497_1200x630.jpg)
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinın dəvəti ilə iyunun 14-də Özbəkistana səfər edəcək.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində rejissor Kattakurqan Şəhər Dram Teatrında “Qaynana” tamaşasına quruluş verəcək.
Layihə haqqında ətraflı məlumat verib Ə.Əsgərov deyib: “Dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirən Avrasiya Teatr Birliyinin bu seçimi bizi olduqca sevindirdi. “Qaynana” tamaşası elə bir klassik səhnə əsəridir ki, ona yeni quruluş verərkən gərək bütün unikallığını qoruyub saxlayasan. İstər ölkəmizdə, istərsə də ölkədən kənardakı teatrlarda. Avrasiya Teatr Birliyinin nümayəndələri - Özbəkistan təmsilçisi Aybek Kopadze, Səmərqənd vilayətinin Kattakurqan Şəhər Dram Teatrının direktoru Batır Tuqalov bu yaxınlarda ölkəmizdə də olublar. Bizim teatrın da müxtəlif tamaşalarının, mənim quruluş verdiyim səhnə əsərlərinin videoyazıları onların diqqətini cəlb edib. Azərbaycan teatrına, xüsusi ilə də Akademik Musiqili Teatrın istər repertuarında olan, istərsə də retro tamaşalarına xüsusi önəm verilməsi bizi çox məmnun edir. Artıq “Qaynana” əsəri özbək dilinə də tərcümə olunub. Bu ayın ortalarından orada məşqlərimizə başlayacağıq. “Qaynana” (Zakir Bağırov, Məcid Şamxalov) musiqili komediyası 1965-ci ildə rejissor Niyaz Şərifovun quruluşunda Musiqili Komediya Teatrında səhnəyə qoyulmuşdur. Milyonların sevimli gülüş ustası, Xalq artisti Nəsibə Zeynalova bu tamaşada yaratdığı təkrarsız obraza elə bir möhür vurub ki, yenidən bu əsərə müraciət etmək böyük məsuliyyət tələb edir. Biz Akademik Musiqili Teatrın tamaşaçılarını da intizarda qoymaq istəmirik, onlar yeni mövsümdə, yeni quruluşda bu tamaşaya baxa biləcəklər. Ümidvaram ki, Özbəkistana ilk səfərim uğurlu alınacaq, qarşılıqlı əməkdaşlıq çərçivəsində layihələrimizi davam etdirəcəyik”.