ELM VƏ TƏHSİL
Akademik Nadir Seyidovun 90 illik yubileyinə həsr olunmuş respublika konfransı təşkil ediləcək
Bakı, 8 fevral, AZƏRTAC
AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) mayın 19-20-də Əməkdar elm xadimi, akademik Nadir Seyidovun 90 illik yubileyinə həsr olunmuş “Katalizatorlar, olefinlər əsaslı yağlar” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a NKPİ-dən məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunu bir daha işıqlandırmaqdır. Akademik Nadir Seyidovun elmi fəaliyyəti əsasən polimer kimyası və neft-kimya sintezi problemlərinin həllinə yönəldilib. O, Azərbaycanda polimer kimyası sahəsində özünəməxsus istiqamət yaratmaqla bu məktəbin əsasını qoyub.
Konfrans “Neft-kimya sintezi”, “Monomerlərin sintezi və polimerləşmə reaksiyalarında tətbiqi”, “Oliqomerləşmə və polimerləşmə reaksiyaları üçün katalizatorlar” və “Polimer kompozit materiallar” bölmələri üzrə təşkil ediləcək.
Tədbirin elmi proqramında, həmçinin plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur. Məruzələrə görə bütün məsuliyyəti müəlliflər daşıyır. Məruzələrin çap olunması üçün təsdiq olunmuş ekspertiza aktı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub göndərilməlidir. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.
Məruzələrin tezislərinin qəbulu martın 31-dək davam edəcək. Qəbul olunmuş məruzələr haqqında məlumatlar aprelin 15-dən başlayaraq müəlliflərə çatdırılacaq.
Konfrans haqqında ətraflı məlumatla NKPİ-nin saytında tanış olmaq mümkündür.