ELM VƏ TƏHSİL
Akademik Siddiqə Məmmədovaya “Beynəlxalq qızıl ulduz” nişanı təqdim edilmişdir
Gəncə, 23 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru Siddiqə Məmmədova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Beynəlxalq qızıl ulduz” nişanına layiq görülmüşdür.
Mükafatın təqdim olunması münasibətilə institutda keçirilən təntənəli mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov, AMEA-nın müxbir üzvü, akademiyanın Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsrafilov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov, Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov və başqaları çıxış edərək tanınmış alim və pedaqoq Siddiqə Məmmədovanın keçdiyi şərəfli ömür yoluna nəzər salmış, onun təkcə ölkəmizdə deyil, eləcə də keçmiş Sovet İttifaqında aqrar elminin inkişafına verdiyi töhfələrdən danışmışlar.
Sonra Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi Elçin İsgəndərzadə Siddiqə Məmmədovaya təmsil etdiyi akademiyanın həqiqi üzvü seçilməsi barədə diplomu və akademiyanın “Beynəlxalq qızıl ulduz” nişanını təqdim etmişdir.
Siddiqə Məmmədova əməyinə verilən yüksək qiymətə görə akademiyanın kollektivinə minnətdarlığını bildirmişdir.