İQTİSADİYYAT
“Akkord” korporasiyası və Almaniyanın “Bauer” şirkəti anlaşma memorandumu imzalayıblar
Bakı, 20 noyabr, AZƏRTAC
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə Almaniyanın “Bauer” şirkəti arasında yeni layihələrin öyrənilməsi və təcrübələrin inkişaf etdirilməsi məqsədi ilə anlaşma memorandumu imzalanıb.
“Akkord”un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu razılaşmaya əsasən, “Bauer” birgə layihələrdə özülün möhkəmləndirilməsi, qruntun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması, özül və qruntun drenajı üçün ən optimal həll yollarının müəyyən edilməsi məqsədilə texniki layihələndirmə işlərinin həyata keçirilməsinə cavabdehlik daşıyacaq.
“Akkord” korporasiyası isə öz növbəsində, yerli tikinti avadanlıqlarının və xidmətlərin təmin edilməsi, tikinti materiallarının təchizi, eyni zamanda, ümumi tikinti və qazıntı işlərinin aparılması, icazə və lisenziyaların alınması işlərini öz üzərinə götürür.
Memorandumun imzalanması həm əhatə sahələri, həm də coğrafi baxımından daha geniş əməkdaşlıq imkanlarını müəyyən edəcək.
İmzalanma mərasimdə “Akkord” korporasiyasının Baş direktoru Göksel Aybek, “Bauer” şirkətinin Baş icraçı direktoru Tomas Bauer, şirkətin Azərbaycan filialının meneceri Tarkan Keloğlu iştirak ediblər.
Qeyd edək ki, 1790-cı ildə yaradılan və hazırda inşaat, maşın-mexanizm istehsalı və qruntun yaxşılaşdırılması sahələrində böyük təcrübəyə sahib olan alman şirkəti dünyanın 70 ölkəsində 110-dan çox törəmə müəssisəyə malikdir.