İQTİSADİYYAT
“Akkord” korporasiyasının təmsil olunduğu konsorsium Sabirabadın su sistemlərini yenidən quracaqdır
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tender yekunlaşmışdır.
“Akkord”un mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qiymətləndirmə nəticəsində daha əlverişli şərtlər təklif edən Türkiyə-Azərbaycan konsorsiumu “Koçoğlu-Art-Akkord” Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tenderin qalibi olmuş və “Azərsu” ASC ilə müqavilə imzalamışdır. Müqaviləyə əsasən Sabirabad şəhərində su anbarının, nasos stansiyasının, içməli su laboratoriyası və əməliyyat mərkəzinin tikilməsi nəzərdə tutulur. Bununla yanaşı, 141,9 kilometr uzunluğunda paylayıcı su xətti, 96,9 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, 8 kanalizasiya nasos stansiyası tikiləcəkdir.
Tikinti-quraşdırma işlərinin 2014-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdur.