Alman reperlərini antisemitizmdə ittiham ediblər
Berlin, 13 aprel, AZƏRTAC
Almaniyada kommersiya baxımından ən uğurlu ifaçılara “Echo” mükafatı verilir: albom və trekləri daha çox satılan musiqiçilərə nominantların siyahısına düşmək asan olur. 2018-ci ildə bu mükafata Yelena Fişer, “Die Toten Hosen” pank-rok kollektivi və “The Kelly Family” folk-rok-pop ailəsi iddialıdır.
AZƏRTAC xəbər verir ki, “İlin albomu” kateqoriyasında “Jung, brutal und gutaussehend 3” albomu iddialıdır. Onu reper Feliks Blume (Kollegah təxəllüslü) və Farid Banq yaradıb.
Lakin laureatların mükafatlandırılması ərəfəsində albom ətrafında qalmaqal yaranıb. Buna səbəb “0815” adlı trekdən “Mein Körper definierter als von Auschwitzinsassen” sətri olub, yəni “mən Osvensim məhbusundan daha qamətliyəm”. Cümlədə sətiraltı antisemit fikri tutmaq o qədər də çətin deyil. Bundan başqa, Almaniyada bu cür hallara olduqca həssas yanaşılır. Lakin sətrin əks-sədası qlobal olub.
Həbs düşərgəsinin məhbusu olmuş insanlar tərəfindən 1952-ci ildə yaradılmış Beynəlxalq Osvensim Komitəsi musiqi mükafatına iddialılar arasında bu cür duetin olmasını təhqir hesab edir. Komitənin bəyanatında deyilir ki, “Echo” laureatlarının mükafatlandırılması mərasimində reperlərin iştirakı “Holokostu yaşayanların hamısı üçün zərbə” və “Almaniya üçün biabırçılıqdır”.
Almaniya Yəhudilərinin Mərkəzi Şurası bu cür mətnlərə çoxsaylı təqlidlər yaradılacağı təhlükəsini bildirərək, onların yayılmasını dayandırmağı tələb edib. “Aydındır ki, musiqiçilər qızışdırmaq istəyirlər. Lakin diskriminasiya və antisemit fikirlərə dözmək mümkün deyil”, - deyə şuranın sədri Yozef Şuster bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin