DÜNYA
Almatıda İran nüvə proqramı ilə əlaqədar keçirilən danışıqların növbəti mərhələsi başa çatmışdır
Almatı, 6 aprel (AZƏRTAC). Aprelin 5-6-da Qazaxıstanın Almatı şəhərində İran nüvə proqramı ilə bağlı “altılar” beynəlxalq vasitəçilərinin (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya), həmçinin Avropa İttifaqı və MAQATE ekspertlərinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçirilmişdir.
Görüşdə İran tərəfindən uranın zənginləşdirilməsinin dayandırılması və bu ölkə üçün tətbiq edilmiş beynəlxalq sanksiyaların ləğv olunması istiqamətində danışıqlar davam etdirilmişdir.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili demişdir ki, danışıqların bu mərhələsində vasitəçilərin mövqeyi “reallığa daha yaxındır”.
Görüşdə Səid Cəlili İran tərəfinin mövqeyini fəal müdafiə edərək, deyilmişdir ki, beynəlxalq ictimaiyyət Tehranın uranın zənginləşdirilməsi hüququnu tanımalıdır. Çünki İranın nüvə proqramı tibbi elmi-tədqiqatlar aparılması üçün nüvə enerjisindən istifadə etməklə məhdudlaşır.
Avropa Şurasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin mətbuat katibi Maykl Mann isə jurnalistlərə demişdir ki, beynəlxalq vasitəçilər İranın dinc atom hüququnu tanımağa hazırdırlar. Lakin Tehran öz nüvə proqramının yalnız dinc xarakter daşıdığını beynəlxalq ictimaiyyətə sübut etməlidir.
ABŞ və bir sıra Qərb dövlətləri, həmçinin İsrail İranı atomun dinc məqsədlər üçün istifadəsi adı altında nüvə silahı hazırlamaqda şübhəli bilir.
Xatırladırıq ki, bundan əvvəl İran nüvə proqramı ilə danışıqlar fevralın 26-27-də Almatıda, martın 18-də isə İstanbulda keçirilmişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı