ELM VƏ TƏHSİL
AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları Şəki və Qax rayonlarında ekspedisiyada olmuşlar
Bakı, 19 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycan torpaq ehtiyatları coğrafiyası şöbəsinin əməkdaşları bu elm müəssisəsinin plan işlərinə daxil edilmiş “Acınohur (Türyançay-Qanıxçay arası) torpaqlarının morfogenetik pozulmaları və onun qiymətləndirilməsi” mövzusu ilə əlaqədar Şəki və Qax rayonlarında ekspedisiyada olmuşlar.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, ekspedisiya müddətində üç marşrut (Türyançay-Kürmükçay arası vadi torpaqları, Qax-Yazı-Sarıca-Acınohur, Şəki-Daşüz) üzrə təxminən 45-50 min hektar sahədə torpaq tədqiqatı işləri aparılmışdır.
Bu müddətdə müqayisəli coğrafi metod əsasında 50 torpaq kəsimi qoyulmuş, təkrar olmayan, xarakter kəsimlərdə genetik qatlar üzrə morfoloji təsvirlər edilmiş və analiz üçün torpaq nümunələri götürülmüşdür. Relyef və yamacların baxarlılığı nəzərə alınmaqla, yerüstü yaşıl biokütlə öyrənilmişdir. Qoyulmuş torpaq kəsimlərinin yeri CPS noviqator vasitəsilə koordinatları təyin edilmiş və planşet üzərinə köçürülmüşdür.
Komeral işlər zamanı çöl şəraitində toplanılmış materiallar nəzərdən keçirilərək, laboratoriya üçün nəzərdə tutulmuş nümunələr dəqiqləşdirilmişdir.