ELM VƏ TƏHSİL
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmələri hesabat verib
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin 2019-cu ilin yekunlarına həsr olunan növbəti hesabat yığıncağı keçirilib.
Gənc Alim və Mütəxəssislər Şurasından AZƏRTAC-a bildirilib ki, giriş nitqi ilə çıxış edən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov iclasda 4 elmi bölmənin hesabatının dinləniləcəyini qeyd edib. O məlumat verib ki, bu bölmələr üzrə AMEA-nın Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, akademiya gənc mütəxəssislərinin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində ənənəvi və qeyri-ənənəvi layihələr həyata keçirilib. Bütün bu işlərdə isə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuraları da əhəmiyyətli rol oynayıb.
Sonra Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə elmlər doktoru, dosent Əfsun Sucayev Kimya Elmləri Bölməsinə aid olan institutların yerli şuraları tərəfindən elmin təbliği, elmin populyarlaşdırılması, gənclərin elmə həvəsləndirilməsi və sair istiqamətdə həyata keçirilən ictimai və elmi tədbirləri, gənclərin beynəlxalq və yerli konfranslarda iştirakı, maarifləndirmə seminarları haqqında məlumat verib.
Şuranın Humanitar Elmləri Bölməsinin ümumiləşdirilmiş şəkildə hesabat məruzəsi ilə çıxış edən AMEA-nın GAMŞ sədrinin müavini, dosent Eşqanə Babayeva bölməyə aid olan institutlarda əsasən gənclərin elmi-ictimai fəaliyyəti, 2019-cu il ərzində əldə etdikləri elmi nailiyyətlər və dərc etdikləri monoqrafiya, məqalə, tezis, həmçinin xaricdə keçdikləri təcrübəartırma, iştirak etdikləri beynəlxalq konfrans, elmi simpoziumlar barədə danışıb. Məruzəçi müvafiq institut gənclərinin statistik və elmi göstəricilərinə nümunələrlə aydınlıq gətirərək, onların həm beynəlxalq, yerli konfranslarda iştirakına, həm də dərc etdikləri monoqrafiya, məqalə-tezislərin sayına görə əvvəlki illərlə müqayisədə artım olduğunu deyib.
Daha sonra Fizika-Riyaziyyat və Texnika Bölməsinin hesabatını təqdim edən AMEA-nın İnformasiya Texnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Adıgözəlova müvafiq bölmənin elmi müəssisələrində çalışan gənclərin təşkilatlar üzrə kəmiyyətcə statistik göstəriciləri, beynəlxalq və yerli elmi tədbirlərdə gənclərin fəallığı, elmi əsərlər, o cümlədən “Web of Sceince” və “Scopus” bazalarında referatlaşan jurnallarda dərc olunan məqalələrə görə ötən illərlə müqayisədə cari ilin nailiyyətləri haqqında məlumat verib.
Yer Elmləri Bölməsinə daxil olan Geologiya və Geofizika İnstitutunun hesabatını Orxan Abbasov, Coğrafiya İnstitutunun hesabatını dosent Samirə Ələkbərova, Neft və Qaz İnstitutunun hesabatını Roksana Əsgərova, Respublika Seysmoloji Xidmət Mərkəzinin hesabatını isə Lalə Piriyeva təqdim ediblər.
Ümumi müzakirələrdən sonra bölmələr üzrə hesabatlar qiymətləndirilib, bəzi müəssisələrdə fəaliyyət göstərən şuralarının fəaliyyətində aktivliyin artırılması tövsiyə edilib.