DÜNYA
“American Airlines”ın təyyarəsi Nyu-Yorkda məcburi eniş edib
Vaşinqton, 12 aprel, AZƏRTAC
Aprelin 11-də “American Airlines” şirkətinin “Airbus 321” təyyarəsi Con Kennedi adına beynəlxalq aeroportdan uçduqdan dərhal sonra təcili eniş edib.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, pilotlar təyyarənin zədələnməsi barədə məlumat verərək məcburi enişə icazə istəyiblər.
Aeroportun mətbuat katibi Stiv Koulmanın sözlərinə görə, təyyarə havaya qalxarkən ehtimal ki, göstərici nişanla toqquşub. Hərçənd nişanın təyyarənin yolu üstündə necə meydana çıxması dəqiqləşdirilməyib. Koulman bildirib ki, “American Airlines” şirkəti toqquşma faktı ilə bağlı artıq istintaqa başlayıb və hazırda zədənin dərəcəsi müəyyənləşdirilir.
Nyu-Yorkdan Los-Ancelesə uçan təyyarənin göyərtəsində 101 sərnişin və 8 heyət üzvü olub. “American Airlines” şirkətinin nümayəndələri sərnişinlərdən və heyət üzvlərindən heç birinin zərər çəkmədiyini bildiriblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton