SİYASƏT
Amerika Birləşmiş Ştatlarında BMT-nin 1993-cü ildə qəbul etdiyi, lakin Ermənistanın indiyədək yerinə yetirmədiyi qərarları xatırladılar
ABŞ-ın İraqa mümkün zərbəsi ərəfəsində Amerika Birləşmiş Ştatlarında Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini gözlənilmədən xatırlamışlar. San-Fransisko Universitetinin professoru, nüfuzlu “Foreign Policy in Focus” nəşrinin müəllifi Stiven Zunes öz materialında Prezident Corc Buş hökumətinin İraqa qarşı tələblərini təhlil etmişdir. Məlum olduğu kimi, Vaşinqton Bağdaddan BMT qətnamələrini yerinə yetirməyi tələb edir.
Professor Zunes yazır: “Lakin İraq tərəfindən icra edilməmiş bir neçə qətnamə ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının digər ölkələrə dair azı 91 qərarı da var ki, onlar indiyədək yerinə yetirilməmişdir”. Stiven Zunes BMT qətnamələrinə əməl etməyən ölkələrin siyahısını verir. Həmin siyahıda Ermənistanın adı dörd dəfə çəkilir:
822 nömrəli qətnamə (1993-cü il) Ermənistanı “bütün işğalçı qoşunları Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən dərhal çıxarmağa” çağırır;
853 nömrəli qətnamə (1993-c il) Ermənistandan “bütün işğalçı qüvvələri Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarmağı” tələb edir;
874 nömrəli qətnamə (1993-cü il) işğalçı qoşunların çıxarılması barədə Ermənistana qarşı irəli sürülmüş tələbi təkrarlayır;
884 nömrəli qətnamə (1993-cü il) Ermənistana ünvanlanmışdır və erməni silahlı birləşmələrinin BMT-nin əvvəlki qətnamələri ilə razılaşmasına nail olmaq və bütün işğalçı qoşunların çıxarılması üçün onu öz nüfuzundan istifadə etməyə çağırır.
Amerika eksperti siyahıya aid izahatında bildirir ki, siyahı ancaq və ancaq beş daimi ( ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya) və on müvəqqəti üzvdən ibarət olan BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında hazırlanmışdır.
Hər hansı bir qətnamənin qəbul edilməsi üçün BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvləri mütləq razılaşmalı və ya səsvermədə bitərəf qalmalıdırlar. 1970-ci illərin əvvəllərindən bəri Birləşmiş Ştatlar öz veto hüququndan əlli dəfə - BMT TŞ-nin bütün digər daimi üzvlərindən daha çox istifadə etmişdir. Əksər hallarda isə ABŞ qərarların əleyhinə çıxan yeganə dövlət olmuşdur. Stiven Zunesin tutduğu siyahıya isə Birləşmiş Ştatların lehinə səs verdiyi, ya da bitərəf qaldığı qətnamələr daxil edilmişdir.
Bundan əlavə, Zunesin yazdığına görə, bu siyahıya, sadəcə, hansısa hərəkətləri pisləyən qətnamələr daxil olunmamışdır. Nəhayət, ən başlıcası - Amerika tədqiqatçısının tərtib etdiyi siyahıya düşmüş qərarlar “separatçı hökumətlər, qiyamçılar, yaxud terrorçu qrupları kimi qeyri-dövlət obyektlərinə aid deyildir. Siyahıya ancaq tanınmış suveren dövlətlər daxildir”.
Yəni, bizimlə bağlı məsələdə beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin heç də mifik “DQR ordusu” deyil, məhz Ermənistan tərəfindən işğal olunduğunu bildirməyə hazırdır.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat attaşesi Fərqan Abbaszadə bildirmişdir ki, “sülh və beynəlxalq təhlükəsizliklə bağlı hər hansı hərəkətlərə görə başlıca məsuliyyəti prinsipcə Təhlükəsizlik Şurasının beş daimi üzvü daşıyır.
Odur ki, BMT-nin istənilən qərarları və ya hansısa qətnamələrin yerinə yetirilməməsi bu beş dövlətdən asılıdır və onlar hamıya məlumdur. Təbii ki, müəyyən mərhələlərdə onların mənafeləri toqquşur və ona görə də bu ölkələrdən istənilən biri aralarında konkret razılıq olmadığına görə hansısa qətnamələrin yerinə yetirilməsinə veto qoya və ya onların mətnlərini təklif olunmuş şəkildə qəbul etməyə bilər. Odur ki, bu məsələ hətta BMT ilə deyil, beynəlxalq sistemin özü və dünyada sülhyaratma sisteminin müəyyən dərəcədə təkmil olmaması ilə bağlıdır. BMT Təhlükəsizlik Şurasında 10 ilə yaxındır ki, islahat aparılır, amma hələlik bir nəticəsi yoxdur”.
“Exo” qəzeti, 8 oktyabr
2002-ci il