DÜNYA
Amerika sakinləri itirilmiş pul ilə dolu çantanı tapıb polisə qaytarmış evsiz-eşiksiz adam üçün 72 min dollardan çox pul toplamışlar
Bakı, 20 sentyabr (AZƏRTAC). Massaçusets ştatındakı Boston şəhərinin evsiz-eşiksiz sakini içərisində külli məbləğdə pul olan çanta tapmış və onu aparıb polisə təhvil vermişdir. Bundan xəbər tutan ABŞ sakinləri həmin şəxsə ianə kimi 72 min dollardan çox pul toplamışlar.
Qlen Ceyms ad-soyadlı 55 yaşlı evsiz-eşiksiz Afrika mənşəli amerikalı keçən həftənin istirahət günlərində Boston ətrafındakı ticarət mərkəzlərinin birində sahibsiz bir çanta tapmışdır. Çantanın içərisində 2400 dollardan artıq nağd pul və təxminən 40 dollar dəyərində yol çekləri vardı.
Dilənçiliklə məşğul olan və ərzaq talonları hesabına yaşayan evsiz-eşiksiz bir adam üçün bu, əməlli-başlı sərvət deməkdir. Bu məbləğ onun həyatını yaxşılığa doğru dəyişməyə kömək edə bilər. Lakin Ceyms fikirləşmədən çantanı aparıb polisə təhvil vermişdir. Çantanın içində Çindən gəlmiş bir tələbənin adına pasport vardı. Həmin pasportun sayəsində pulların sahibini tezliklə tapmaq mümkün olmuşdur.
Boston polisinin rəisi Ed Devis bu faktla bağlı mətbuat konfransı keçirmiş və orada Ceymsin nəcib hərəkəti barədə danışmışdır. Devisin sözlərinə görə, Ceyms içərisində pul olan çantanı qaytarmaqla öz xarakterinin ən nəcib cəhətlərini və çox xeyirxah insan olmasını göstərmişdir. Ceymsə təşəkkür məktubunu şəxsən E.Devis təqdim etmişdir.
Virciniya ştatının 23 yaşlı sakini İtan Uittinqton Ceymsin bu nəcib hərəkətindən xəbər tutandan sonra bu evsiz adama təkcə təşəkkür məktubu təqdim edilməsinin az olması qənaətinə gəlmiş və Ceymsin xeyrinə vəsait toplamaq kampaniyası təşkil etməyi qərara almışdır.
Ceymsin adına açılmış xüsusi bank hesabında artıq 72 min dollardan çox vəsait toplanmışdır, hesaba pul köçürülməsi isə davam edir. Uittinqtonun sözlərinə görə, artıq bir neçə nəfər ona müraciət edərək Ceyms üçün iş tapmaqda öz köməyini təklif etmişdir. Stomatologiya klinikalarından biri isə Ceymsin ömrünün sonuna qədər ona pulsuz xidmət edəcəyini bildirmişdir.