SİYASƏT
AMERİKAN-TÜRK ŞURASININ YENİ SƏDRİ RİÇARD ARMİTAC ANKARADA DÖVLƏT VƏ HÖKUMƏT RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRƏCƏKDİR
Ankara, 17 noyabr (AZƏRTAC). Amerikan-Türk Şurasının yeni seçilmiş sədri Riçard Armitac Türkiyənin dövlət və hökumət rəhbərləri ilə danışıqlar aparmaq üçün Ankaraya səfərə gəlmişdir.
2010-cu ilin yanvarından yeni vəzifəsinin icrasına başlayacaq Riçard Armitac və onun xələfi Brent Skoukroft Türkiyə Prezidenti Abdullah Gül, dövlət naziri Əli Babacan, xarici işlər naziri Əhməd Davudoğlu, müdafiə naziri Vəcdi Gönül, enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini, regional məsələləri müzakirə edəcəklər.
Səfərlə bağlı keçirdikləri mətbuat konfransında Riçard Armitac və Brent Skoukroft bildirmişlər ki, Türkiyə ilə münasibətlər Birləşmiş Ştatlar üçün çox mühümdür. Türkiyə ABŞ üçün strateji əhəmiyyətə malikdir. Ankara Yaxın Şərqdə və Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında da mühüm rola malikdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara