ANGELA MERKEL BUNDESTAQDA ÇIXIŞ ETMİŞDİR
Berlin, 11 noyabr (AZƏRTAC). Angela Merkel yenidən AFR kansleri vəzifəsinə seçiləndən sonra, noyabrın 10-da hökumət adından ilk bəyanatında ölkənin yeni hökumətinin yaxın dövr üçün fəaliyyət proqramını şərh etmişdir.
XDİ/XSİ blokunun və Azad Demokratik Partiyanın nümayəndələrindən ibarət olan yeni Almaniya hökuməti oktyabrın 28-də and içərək fəaliyyətə başlamışdır. Lakin xarici səfərlərin və beynəlxalq görüşlərin gərgin qrafiki, Berlin divarının uçurulmasının 20-ci ildönümü ilə əlaqədar bayram şənliyinə hazırlıq və həmin təntənəli şənliklər yenidən AFR kansleri vəzifəsinə seçilmiş Angela Merkelin başçılıq etdiyi nazirlər kabinetinin iş proqramı barədə Almaniya bundestaqının yeni heyəti qarşısında dərhal çıxış etməsinə imkan vermirdi. Çərşənbə axşamı Merkel bunun əvəzini çıxmışdır.
Angela Merkel hökumətin fəaliyyət proqramının şərhinə başlamazdan əvvəl, Almaniyada yaranmış iqtisadi vəziyyəti çox tənqidi şəkildə qiymətləndirmişdir. O demişdir ki, hökumət yalnız ölkədə yaranmış vəziyyətə sayıq yanaşma sayəsində düzgün nəticələr çıxararaq qlobal böhranın nəticələrinin aradan qaldırılması yollarını müəyyən edə bilər.
Kansler qeyd etmişdir ki, indi AFR ölkə tarixində ən kəskin, ən dərin resessiya dövrünü yaşayır. Almaniyada bundan əvvəlki, keçən əsrin 70-ci illərinin əvvəlində baş vermiş ən kəskin iqtisadi böhran günləri ilə müqayisədə istehsalın həcmi 5 dəfə azalmışdır. Sənaye istehsalının bəzi sahələrində ilk müsbət meyillər nəzərə çarpsa da, AFR xalq təsərrüfatının əksər sahələrində vəziyyət böhrandan əvvəlki vəziyyətlə müqayisədə xeyli pisdir.
Bank sahəsində vəziyyət yaxşılaşmamışdır, işsizlik səviyyəsi artmışdır. Angela Merkelin proqnozlarına görə, bu göstərici artmaqda davam edəcəkdir. İşsizliyin hədsiz artmasına yol verməmək üçün yeni hökumət qısaldılmış iş günü dövlət proqramının qüvvədə olma müddətini artıracaq, bu isə sahibkarlara imkan verəcəkdir ki, hətta sifarişlər olmadıqda belə, muzdlu işçiləri işdən azad etməsinlər.
Kansler qeyd etmişdir ki, ölkənin maliyyə perspektivləri də ürəkaçan deyildir. Büdcə böhranı yalnız gələn il tam miqyasda özünü göstərəcəkdir. 2009-cu ildə büdcə kəsirinin ÜDM-in 3,5 faizi həcmində, 2010-cu ildə isə ÜDM-in 5 faizi həcmində olacağı gözlənilir, bu isə avro zonasında məqbul sayılan maliyyə sabitliyi meyarlarından xeyli çoxdur. Kanslerin fikrincə, vəziyyət yaxşılaşana qədər problemlər daha geniş miqyas alacaqdır.
Söhbət təkcə Almaniya daxilində qlobal böhranın nəticələrinin aradan qaldırılmasından getmir. Angela Merkelin fikrincə, dünya iqtisadiyyatında “kartlar yenidən paylanır” və qlobal bazarın bütün oyunçuları həmin bazarda özlərinə təzə yer axtarmalı olacaqlar.
Kim xammal və enerji ehtiyatlarından istifadə imkanını təmin edəcəkdir? Kim dünyanin başqa bölgələrindən sərmayədarlar cəlb edə biləcəkdir? Hansı ölkə ən istedadlı və ağıllı insanlar üçün maqnit kimi cəlbedici olacaqdır? Merkel əmindir ki, dünya iqtisadiyyatının yeni koordinat sistemində bu və ya digər ölkənin yeri həmin sualların cavabından asılı olacaqdır.
Kansler demişdir ki, indi ölkə 1990-cı ildə Almaniya yenidən birləşəndən sonrakı bütün dövr ərzində ən ciddi təhdidlər qarşısındadır. “Almaniya bu böhrandan vaxtında və möhkəmlənmiş vəziyyətdə çıxa biləcək, yoxsa bizim yerimizi başqaları tuta biləcəklər? - əsas məsələ budur”, - deyərək “bu variantların hər ikisinin mümkün olduğunu” etiraf edən Merkel həmin çağırışı qəbul etdiyini bildirmişdir.
Ekspertlər Almaniyada böhranın nəticələrinin aradan qaldırılması üçün, ilk növbədə hədsiz artmış dövlət borcu probleminin həlli üçün müxtəlif üsullar təklif edirlər. Bəziləri iqtisadiyyatın sərtləşdirilməsini, büdcə xərclərinin əsaslı şəkildə azaldılmasını təklif edir, digərləri işçilərin və işəgötürənlərin sosial sığorta fondlarına ayırdığı vəsaiti artırmaqla bu fondlardakı kəsiri ödəməyi məsləhət görürlər.
Kansler Merkelin fikrincə, nəzəri cəhətdən mümkün olan bu cür reseptlər böhran şəraitində əks nəticə verə bilər, çünki bu halda istehlakçıların tələbatı azalar, iş yerləri isə sahibkarlar üçün daha baha başa gələr.
Almaniya hökuməti başqa yolla getməyi - sürətli və güclü iqtisadi artım üçün şərait yaratmağı qərara almışdır. Düzdür, bu da uğur qazanmağa zəmanət vermir, lakin Angela Merkelin fikrincə, şans vardır. AFR kansleri demişdir: “İqtisadi artım olmasa, investisiyalar, yeni iş yerləri, təhsil üçün və imkansızlara kömək etmək üçün pul da olmayacaqdır”.
AFR hökuməti bazar ertəsi keçirilmiş təcili iclasda bu konsepsiyanı əsas götürərək, ilk tədbir kimi konyunkturun canlanmasına yönəlmiş qanun layihəsini bəyənmişdir. Bu, Almaniya iqtisadiyyatını dəstəkləmək üçün son bir ildə qəbul edilmiş növbəti, sayca üçüncü tədbirlər paketidir.
Layihəyə görə uşaqlar üçün verilən aylıq müavinətləri 20 avro artıraraq birinci və ikinci uşaq üçün ayda 184 avroya, üçüncü uşaq üçün ayda 190 avroya, sonrakı uşaqlar üçün ayda 215 avroya çatdırmaq nəzərdə tutulur. Ailənin gəlir vergisi tutulmayan gəlirinin məbləği də xeyli artırılacaq - ildə hər uşaq üçün bu məbləğ 6024 avrodan 7008 avroya çatdırılacaqdır. Miras əmlakından tutulan vergilər azaldılacaqdır. Mehmanxana biznesi sahəsində güzəştli ƏDV dərəcəsi tətbiq ediləcəkdir (indiki 19 faiz əvəzinə 7 faiz).
Bu və bəzi başqa təcili tədbirlər sayəsində 2010-cu ildə almaniyalı istehlakçıların gəlirləri 22 milyard avro artacaqdır. AFR hökuməti ümid edir ki, bu pullar tədavülə daxil olacaq, tələbatı artıracaq, bununla da iqtisadi tərəqqi katalizatoruna çevrilərək istehsal sahəsinə əlavə impuls verəcəkdir.
Bunlar yalnız ilk tədbirlərdir. Angela Merkel Bundestaqda elan etmişdir ki, növbəti addım Almaniyanın bütün vergitutma sistemində əsaslı islahat olacaqdır. Liberallar bunu çoxdan tələb edirlər. Kanslerin sözlərinə görə, 2011-ci ildən başlayaraq tətbiq ediləcək yeni sistem şəffaf, sadə və ədalətli olacaq, vergi ödəyiciləri üçün birbaşa maliyyə səmərəsindən başqa həm də onların öz dövlətlərinə münasibətini yaxşılaşdıracaqdır.
Merkel bildirmişdir ki, mühafizəkar-liberal hökumətin həll etməli olduğu əsas məsələ iqtisadi böhranın nəticələrini aradan qaldırmaqdır. Almaniya cəmiyyətinin sürətlə qocalmasını nəzərə alaraq pensiya sistemində növbəti islahat aparılması, başqa ölkələrlə əlbir olaraq ekologiyanın qorunmasının təmin edilməsi, vətəndaşların azadlığı ilə onların təhlükəsizliyinin təmin edilməsi arasında tarazlığın saxlanması kimi digər birinci dərəcəli problemlər də vardır.
Angela Merkel ilk hökumət bəyanatında xarici siyasət mövzusuna ötəri toxunaraq, yalnız onu qeyd etmişdir ki, təhlükəsizlik siyasəti məsələləri üzrə Rusiya ilə təkcə “Rusiya-NATO” Şurası çərçivəsində yox, daha geniş dialoq aparmaq istərdi. Kansler demişdir: “Avropa Rusiyasız, Rusiya isə Avropasız yaşaya bilməz”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin