Aprel döyüşləri Azərbaycan xalqının birliyini nümayiş etdirdi
Bakı, 3 aprel, AZƏRTAC
Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə görüş keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Samid İmanovun həyat yoldaşı Badam İmanova, Aprel döyüşlərinin 25 nəfər iştirakçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirib ki, Aprel döyüşləri Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. “Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək və işğal altında olan bütün tarixi torpaqlarını azad edəcək”, - deyə icra başçısı bildirib.
Aprel döyüşlərinin Azərbaycan Ordusunun şanlı qələbəsi olduğunu qeyd edən Süleyman Mikayılov bu tarixi zəfərin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.
Sonra çıxış edən Badam İmanova bildirib ki, həyat yoldaşı Samid İmanovun həlak olması onun ailəsini nə qədər kədərləndirsə də, Vətən uğrunda qəhrəmanlıq göstərməsi bir o qədər də qürurlandırdı. “Biz övladlarımızı böyüdürük ki, onlar Vətəni qorusunlar, onun bütövlüyü uğrunda vuruşsunlar, lazım gələrsə şəhid olsunlar. Vətən sevgisinin ana sevgisi ilə eyni tutulması o deməkdir ki, Vətən torpağı ana qədər əzizdir”, - deyə B.İmanova vurğulayıb.
Daha sonra Aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını qeyd ediblər. Onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.