REGİONLAR
“Aqrolizinq” ASC tərəfindən müasir tələblərə cavab verən 1928 kənd təsərrüfatı texnikası alınmışdır
Bakı, 12 iyul (AZƏRTAC). Cari ilin birinci yarısında “Aqrolizinq” ASC tərəfindən müasir tələblərə cavab verən 1928 kənd təsərrüfatı texnikası, o cümlədən Avropa istehsalı olan 478 taxılyığan kombayn, 417 traktor, 1033 qoşqu avadanlıqları və digər texnikalar alınaraq istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləmişdir.
Nazir vurğulamışdır ki, yenilənmiş kənd təsərrüfatı texnikası parkı hesabına indiyədək ölkə üzrə taxıl sahələrinin 90 faizindən çox hissəsində biçin ən minimal itki ilə və qısa müddətdə başa çatdırılmışdır. Biçin zamanı demək olar ki, yanğın hadisələrinə yol verilməmişdir. Ümumiyyətlə, cari mövsümdə taxılın vaxtında və itkisiz yığılması məqsədilə bütün rayonlarda operativ qərargah və “qaynar xətt” yaradılmış, taxılyığan kombaynların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkəti operativ şəkildə təşkil edilmişdir.