İQTİSADİYYAT
ARDNŞ-in “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzində görülmüş işlərin təqdimatı keçirilmişdir
Bakı, 7 iyul (AZƏRTAC). ARDNŞ rəhbərliyinin, şirkətin istehsalat birliklərinin, baş ofisinin aparıcı mütəxəssislərinin iştirakı ilə “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzində görülmüş işlər və Almaniya mütəxəssisləri ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev Almaniyanın Şimali Reyn-Vestfaliya Vilayəti İqtisadiyyat və Energetika Nazirliyini, Dortmund Sənaye və Ticarət Palatasını, habelə Azərbaycan-Almaniya İqtisadi İttifaqını təmsil edən qonaqları salamlamış, şirkətin “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi ilə əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlər olduğunu diqqətə çatdırmışdır.
Sonra “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin fəaliyyəti haqqında film nümayiş etdirilmişdir. Mərkəzin direktoru professor Eldar Şahbazov və aparıcı mütəxəssislərinin slaydlarla müşayiət olunmuş təqdimatında həyata keçirdiyi “Nanoneft” proqramının 4 əsas tərkib hissəsi - nanotexnologiyaların neft və qazın hasilatında, qazmada, neft kimyası və ekologiya sahələrində tədqiqi və tətbiqi haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, ARDNŞ və Almaniyanın Şimali Reyn-Vestfaliya Vilayəti İqtisadiyyat və Energetika Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində də perspektivli layihələr işlənib hazırlanmış və həyata keçirilməyə başlanılmışdır. Almaniyanın Şimali Reyn-Vestfaliya Vilayəti İqtisadiyyat və Energetika Nazirliyinin Sərmayələr Agentliyinin Şərqi Avropa və MDB dövlətləri üzrə aparıcı mütəxəssisi Yelena Matekina, vilayətin nanoklsater mərkəzinin rəhbəri Harald Kremer, Dortmund Sənaye və Ticarət Palatasının İqtisadi maraqlar İnstitutun baş meneceri Vulf Kristian Erik, Dortmund Nanotexnologiyalar Mərkəzinin direktoru doktor Tomas Rixter və Azərbaycan-Almaniya İqtisadi İttifaqının icraçı direktoru Florian Şlöder ARDNŞ-nin “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi ilə Avropa İttifaqı ölkələrinə nanotexnoloji sistemlərin işlənilməsi və satışının təşkil istiqamətində əməkdaşlıq imkanlarından danışmışlar.