İQTİSADİYYAT
Argentina Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır
Bakı, 11 iyul (AZƏRTAC). İyulun 11-də İqtisadi İnkişaf Nazirliyində Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva ilə görüş olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iqtisadi inkişaf naziri Şahin Mustafayev son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmiş, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilmiş görüşlərin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, iki ölkə arasında zəruri müqavilə-hüquq bazası yaradılmış, bu sahədə indiyədək 18 sənəd imzalanmışdır.
Görüşdə Azərbaycan ilə Argentina arasındakı əməkdaşlığın genişləndirilməsi perspektivləri, ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişə uyğun olaraq, birgə işçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparılmışdır. İşçi qrupun ilk iclasının bu ilin dekabrında keçirilməsi, iki ölkənin iş adamları arasında biznes forumun təşkili barədə ilkin razılıq əldə edilmişdir.
Azərbaycan və Argentina arasında müxtəlif istiqamətlərdə, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev istehsal və emal sahələrində birgə müəssisələrin yaradılmasını təklif etmişdir.
Görüşdə İKT, turizm, dərman istehsalı, tikinti, alternativ enerji istehsalı və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, iqtisadi əlaqələrin daha da genişləndirilməsi nəticəsində Argentina Azərbaycan vasitəsilə region ölkələrinə, Azərbaycan isə Argentina vasitəsilə Latın Amerikası ölkələrinə çıxış imkanlarını genişləndirə bilər.
Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd etmişdir. Səfir Karlos Dante Riva bundan sonra da Azərbaycan-Argentina əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulamışdır.