REGİONLAR
Aşağı seçki komissiyalarının üzvləri səsvermə günü prosedurları barədə məlumatlandırılırlar
Zaqatala-Qəbələ, 27 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Şəki-Zaqatala bölgəsində fəaliyyət göstərən seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə günü prosedurları ilə bağlı maarifləndirici treninqlər davam edir.
110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının sədri Fikrət Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, noyabrın 25-də başlanan treninqlərə dairənin tərkibində olan 47 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri, ümumilikdə, 282 nəfər cəlb edilib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş dairə seçki komissiyasının katibi Harun Əsgərov və baş məsləhətçi Məmmədrəsul Ağayev aparırlar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolların doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib.
Seçki komissiyasının sədri bildirib ki, dairə üzrə 16 bələdiyyəyə 160 bələdiyyə üzvü seçiləcək. Qeydə alınan namizədlərin sayı isə 505 nəfərdir.
X X X
116 saylı Qəbələ seçki dairəsində də aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər MSK tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır.
Dairə seçki komissiyasının sədri Ramiz Əsədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər aşağı seçki komissiyalarının sədr, katib və üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır. Treninqlərə dairənin 54 seçki məntəqəsinin 324 nəfər komissiya üzvü cəlb edilib. Dairə seçki komissiyalarının üzvləri Aqil Kərimov və Rəşad Mürşüdovun tədris etdiyi məşğələlər zamanı iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri, səsvermə günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan seçki qutusu ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyyələr verilib.
Komissiya sədrinin sözlərinə görə, bu dairədə 20 bələdiyyəyə 190 nəfər bələdiyyə üzvü yeri uğrunda 646 namizəd mübarizə aparacaq.
Maarifləndirici treninqlər bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də davam edir.