CƏMİYYƏT
ASAN könüllüləri narkomaniyaya yox deyirlər
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 17-də ASAN könüllülərinin təşkilatçılığı ilə sayca üçüncü dəfə “Narkotikə yox deyək” maarifləndirici aksiyası baş tutub. Görüşün məqsədi iştirakçıları bu istiqamətdə maarifləndirmək olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə agentliyin insan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Fərid Sadıxlı, jurnalist-bloger Nail Kəmərli, narkomaniyadan müalicə alıb sağalan şəxslər iştirak ediblər.
Yüz nəfərdən çox ASAN könüllüsünün iştirak etdiyi tədbirdə Nail Kəmərli narkomaniya ilə bağlı uzun müddət etdiyi araşdırmalar, qarşılaşdığı acı reallıqlar barədə ətraflı məlumat verib.
Narkomaniyadan uzun müddət müalicə alıb sağalan və hazırda narkomaniyadan əziyyət çəkən şəxslər ASAN könüllüləri ilə öz acı təcrübələrini bölüşüb, onlara tövsiyələr verib və suallarını cavablandırıblar.
Qeyd edək ki, aksiya çərçivəsində əvvəl də iki bənzər görüş keçirilib. Həmin görüşlər Bakı şəhərində yerləşən orta məktəblərdə reallaşıb və ümumilikdə 1100 gənci əhatə edib.