İQTİSADİYYAT
“ASAN könüllüləri” üçün ikinci təlim proqramı yekunlaşıb
Bakı, 28 dekabr, AZƏRTAC
“Azər Türk Bank” və “ASAN School” könüllülük məktəbinin əməkdaşlığı çərçivəsində bir ay ərzində davamlı olaraq həyata keçirilən bankçılıq təlimləri başa çatıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Master 2” pilləsi üzrə keçirilmiş təlimlərin məqsədi “ASAN könüllüləri”nin iqtisadiyyat və maliyyə üzrə təhsil almış üzvlərinin ixtisasları üzrə praktik biliklərinin genişləndirilməsinə, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Proqram çərçivəsində təşkil olunan təlimlər zamanı “Azər Türk Bank”ın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, marketinq, PR və bank sektoru ilə bağlı biliklərinin artırılmasına köməklik göstərib, onları maraqlandıran sualları cavablandırıblar.
Proqramın iştirakçısı olmuş könüllülər təlimlərdə əldə etdikləri bilik və bacarıqların onların şəxsi inkişafının təmin edilməsində mühüm rol oynayacağını, gələcək fəaliyyətləri üçün stimul yaradacağını ifadə ediblər.
Qeyd edək ki, təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq və uğurlu nəticə göstərən könüllülər “Azər Türk Bank”da təcrübə keçmək imkanı qazanacaqlar. Təlimlərin gələcəkdə də təşkili nəzərdə tutulub.