MƏDƏNİYYƏT
Aşıq Şakirin anadan olmasının 100 illiyi münasibətilə videoçarx hazırlanıb
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Elnarə Kərimli XX əsrdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Şakir haqqında videoçarx hazırlayıb. Videoçarx aşığın adan olmasının 100 illiyi münasibətilə hazırlanıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videomaterialda xalq tərəfindən sevilən Aşıq Şakir haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlib. Sonralar Kürdəmir şəhərində yaşayıb.
Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olub.
Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi, nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, muğam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olub. Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirib. O, məlahətli səsi, təkrarolunmaz ifası ilə bu gün də ehtiramla xatırlanır.
1947-ci ildən aşıqlıq edən Aşıq Şakir 1978-ci ildə vəfat edib. Aşıq Şakir Hacıyev məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri olub.