ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu tətbiqi tədqiqat işləri ilə biznesə verdiyi dəstəyə görə beynəlxalq mükafata layiq görülüb
Bakı, 1 iyul, AZƏRTAC
Akademik Əli Quliyev Aşqarlar Kimyası İnstitutu Dünya Biznes Konfederasiyasının (WORLDCOB) təsis etdiyi “BIZZ Winner” beynəlxalq mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, mükafat instituta tətbiqi əhəmiyyətli elmi-tədqiqatlarla biznesə verdiyi dəstəyə görə verilib.
Mükafatlandırmanın avqustun 27-28-də Hyuston şəhərində onlayn formatda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “BIZZ Winner” beynəlxalq mükafatına layiq görülən elmi, biznes müəssisləri “WORLDCOB”un İdarə Heyətinin qərarı ilə seçilir.
“WORLDCOB” 2004-cü ildə ABŞ-da yaradılıb. Əsas missiyası üzvlərinə təklif etdiyi xüsusi alətlər və xidmətlər vasitəsilə hər ölkədə lider mövqe tutan aparıcı iş adamlarının tanınması və böyüməsini artırmaqla dünya miqyasında biznesin inkişafını təşviq etməkdir. 130-dan çox ölkəni təmsil edən təxminən 3500 üzvü var. “BIZZ Winner” “WORLDCOB” tərəfindən qlobal iş dünyasına töhfə verən bir sıra üstünlüklər təqdim etmək üçün yaradılıb. Yerli və dünya iqtisadiyyatının gündəlik böyüməsinə xidmət edən müxtəlif bölgələrdən olan aparıcı müəssisələri bir araya toplayır və tanıdır.