ELM VƏ TƏHSİL
Astarada ikinci ixtisas qrupuna hazırlaşan X-XI sinif şagirdləri üçün bakalavr proqramı ilə əlaqədar təqdimat olmuşdur
Astara, 23 aprel (AZƏRTAC). Astara rayon mədəniyyət evində ali məktəblərə qəbul üzrə ikinci ixtisas qrupuna hazırlaşan X-XI sinif şagirdləri üçün bakalavr proqramı ilə əlaqədar təqdimat keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Diplomatik Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olmuşlar.
Tədbirdə Azərbaycan Diplomatik Akademiyasının şöbə müdiri, fəlsəfə elmləri doktoru Firuzə Əliyeva mövzu ilə bağlı çıxış etmiş, videoçarx nümayiş olunmuşdur.
Dialoq şəklində davam edən təqdimatda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Sonda şagirdlərə bakalavr proqramı ilə bağlı məlumat kitabçaları paylanmışdır.