SİYASƏT
AVROPA İTTİFAQININ AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ LİSSABON SAZİŞİNİN QÜVVƏYƏ MİNMƏSİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRMİŞDİR
Bakı, 15 dekabr (AZƏRTAC). Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Lissabon Sazişinin qüvvəyə minməsi münasibətilə tədbir keçirmişdir.
Sazişin cari il dekabrın 1-də qüvvəyə mindiyini deyən qurumun ölkəmizdəki rəhbəri, səfir Rolan Kobian bildirmişdir ki, bu saziş yeni Avropanın qurulması üçün yeni üfüqlər açır və Avropaya inteqrasiyanı daha da sürətləndirir. Bu saziş ilə Aİ daha səmərəli fəaliyyət göstərəcəkdir. Qurumun iş üsulları və səsvermə qaydaları daha da sadələşdiriləcəkdir.
Lissabon Sazişi ilə Aİ-nin daha şəffaf və demokratik olacağını qeyd edən R.Kobian vurğulamışdır ki, Avropa İttifaqında aparılan islahatlar qurum ilə Azərbaycan arasında əlaqələrə də müsbət təsirini göstərəcəkdir. Sazişin qüvvəyə minməsi Azərbaycan ilə Aİ arasında daha geniş əməkdaşlıq imkanları açacaqdır.
Saziş 2007-ci il dekabrın 13-də Lissabonda imzalanmış və bu il dekabrın 1-də qüvvəyə minmişdir. Sazişə əsasən Aİ-nin hökumət və dövlət başçıları Şurasının sədri postu yaradılmışdır. Sədr vəzifəsinə beş il müddətinə Belçikanın keçmiş Baş naziri Herman Van Rompey seçilmişdir. Qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsi də vardır. Bu vəzifədə təmsil olunan şəxs, eyni zamanda, Avropa Komissiyasının birinci vitse-prezidenti sayılır.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər rəsmi şəxslər iştirak etmişlər.