DÜNYA
Avropa Komissiyası rouminq tariflərini ləğv etmək niyyətindədir
Vyana, 14 sentyabr (AZƏRTAC). Avropa Komissiyası Avropa İttifaqının telekommunikasiya sistemində yeni islahatların keçirilməsi ilə bağlı planlarını açıqlamışdır.
Avropa İttifaqının rəqəmsal arenada üzrə komissarı Neeli Kores bildirmişdir ki, Avropa İttifaqına üzv dövlətlərin ortaq bazara malik olduqlarını, bu ölkələr arasında gömrük nəzarəti və sərhədlərin ləğv olunduğunu nəzərə alaraq, həmin daxili bazarda rouminq tariflərində endirim etməkdənsə, onların tamamilə ləğv edilməsinin zamanı yetişmişdir.
Layihəyə əsasən, ən geci 2016-cı ilin iyul ayından etibarən Avropa İttifaqı ərazisində telekommunikasiya bazarında vahid tariflər tətbiq olunacaqdır. Bu zaman bir Avropa ölkəsindən digərinə səfər edən vətəndaşlar rouminq tariflərindən azad olunacaq və telefon danışıqları, qısa ismarıclar və mobil internet xidmətlərindən istifadə edərkən əlavə rüsum ödəməyəcəklər.
Rouminq tarifləri ilə böyük qazanc əldə edən telekommunikasiya konsernləri üçün belə bir layihə şad xəbər olmasa da, həmin layihənin reallaşması üçün uzun müddət vaxt tələb olunacaqdır. Avropa Parlamenti tərəfindən təsdiqləndiyi təqdirdə, həmin layihə Avropa İttifaqına üzv olan 28 dövlət tərəfindən qəbul edilməlidir.
Elgün Niftəliyev,
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana