İQTİSADİYYAT
Aydın Əliyev: İdxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, işlək olsun
Bakı, 30 yanvar, AZƏRTAC
Fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, ölkə daxilində işlək olsun.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, gömrük xidmətinin yaranmasının 23-cü ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Aydın Əliyev bildirib ki, poçt vasitəsilə də ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil: “Ötən ilin dekabrında Soçidə keçirilən MDB ölkələrinin gömrük xidməti rəhbərlərinin beynəlxalq tədbirində də Rusiyada Gömrük Xidməti tərəfindən bu məsələ qaldırıldı və müzakirəyə çıxarıldı. Yaxın vaxtlarda mövcud problemlərin aradan qaldırılması üçün müəyyən tövsiyələr qəbul olunacaq. Bu qərarlardan sonra bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik.
Komitə sədri qeyd edib ki, internet ticarəti dünyada vergilərin toplanması probleminə çevrilib. Artıq bununla bağlı Nazirlər Kabinetinin müəyyən qərarları var.